SUAL-CAVAB #1

Sual: Salam Sevinc xanım, sizə hüquqla bağlı bir sual vermək istəyirəm. Mümkündürsə əgər cavablandırardınız. Məni son iş yerimdən çıxarıblar, mənimlə birgə 4 nəfəri də. Bizim əmək kitabçalarımıza ‘tərəflərdən birinin təşəbbüsü ilə’ yazılıb. Amma yalnız mənim portalda əmək müqaviləmdə 72-ci maddə yazılıb. Mən nə etməliyəm?


Cavab: Ümumiyyətlə işçi ilə əmək müqaviləsinin bağlanması və ya ona xitam edilməsi məsələləri AR Əmək Məcəlləsi ilə tənzimlənir. İşdən çıxarılma qanuni olaraq bir neçə formada olur. İşçinin təşəbbüsü ilə, əmək müqaviləsinin müddətinin bitməsi ilə, müəssisənin ləğv edilməsi yaxud ştatların ixtisar edilməsi ilə, işçinin öz vəzifə öhdəliklərini yerinə yetirməməsi, yəni kobud pozuntulara yol verməsi ilə və s. Sonuncu qeyd etdiyim məsələ AR ƏM-nin 72-ci maddəsində geniş şəkildə göstərilmişdir. Belə ki, işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallarda işçi işəgötürən tərəfindən işdən azad edilir və bu barədə işçinin əmək kitabçasında müvafiq qeydlər aparılır. Əmək kitabçasında başqa əsas göstərib, portala başqa bir əsas daxil etmək isə işəgötürənin etdiyi kobud qanun pozuntusudur. Belə ki, xitam zamanı ‘əmək müqaviləsinə xitam verilməsi barədə’ işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanır, müəssisənin möhürü ilə təsdiqlənir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilir. Eyni qaydada əmək kitabçasında qeyd edilən işdənçıxma səbəbi elektron hökumət portalına daxil edilir. İşçinin 72-ci maddənin hər hansı bəndi ilə işdən çıxarılması gələcəkdə onun iş tapıb işləməsinə çox böyük mənfi təsir göstərir. İşəgötürənlər 72-ci maddə ilə işdən çıxarılmış (loru dildə işdən qovulmuş) işçini qəbul etmirlər. Odur ki, işçi ilk öncə sonuncu iş yeri ilə bu məsələni aydınlaşdırmalı, yalnışlıq varsa, yalnışlığın aradan qaldırılması üçün işəgötürənə rəsmi müraciət etməli, məsələ işçi-işəgötürən arasında qarşılıqlı razılıqla həll edilmədikdə isə, işçi müvafiq qaydada məhkəməyə müraciət etməlidir.


Əgər, işəgötürən əmək müqaviləsinin ləğv edilməsi əsaslarını pozaraq işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

«Dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülür.


Əlavə olaraq bildirim ki, Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla (72-ci maddədə göstərilən hallar) əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.


Yekun: bu halda ilk əvvəl işəgötürənlə məsələnin həllinə çalışmalı, nəticə vermədikdə isə müvafiq qaydada məhkəməyə müraciət etmək lazımdır.


——————————————————————————————————————————————— 🌐 www.rahimovasevinj.com 📧 info@rahimovasevinj.org

———————————————————————-————————————————————————



#rahimovasevinj #hüquqşünas #əməkqanunvericiliyi #sualcavab #sualcavabrahimovasevinj #işçi #işdənçıxarılma

Просмотров: 93

© 2020 Sevinj Rahimova. Bütün müəllif hüquqları qorunur.