Koronavirusun Bizə öyrətdikləri (1-ci hissə)

Bütün dünyada pandemiya elan edilmiş #covid19 (koronavirus) hər millətdə, hər dövlətdə müxtəlif cür təzahür edir. Mənfi tərəfi olduğu qədər, müsbət tərəfləri də vardır. Hər kəs öz aspektindən yanaşır və mən də bir hüquqşünas olaraq Hüquqi prizmadan baxaraq aşağıdakıları qeyd edirəm.


1. Hər kəs dərk etdi ki, əgər işsizsənsə, rəsmi olaraq hər hansı bir işdə işləmirsənsə, bu zaman Məşğulluqda işsiz və işaxtaran kimi qeydiyyata alınmalısan.

Misal: Xüsusi Karantin Rejimində işsiz qalan vətəndaşlara 190 manat birdəfəlik ödəmələr verildi. Kimlər ki işsiz kimi Məşğulluqda (Dövlət Məşğulluq Xidməti) qeydiyyata alınmamışdı, həmin şəxslər (demək olar ki hər 10 nəfərdən 6-sı) hücuma keçdi. Qeydiyyatdan keçmək üçün necə çətinliklər yarandı. Müraciətlərin çoxluğundan elektron sistem çökdü. Ona xahiş, buna xahiş, ona minnət, buna xəcalət... Ödənişlər veriləndə isə ilk növbədə öncədən işsiz kimi Məşğulluqda qeydiyyata alınan şəxslərə ödənildi. Nəhayət insanların beyninə həkk olundu ki, əgər mən də vaxtilə Məşğulluqda işsiz və işaxtaran kimi qeydə alınsaydım, bu günki gün min cür çətinliklər çəkməz, fikir içində oturub, “görəsən mən də qeydiyyata düşə bilmişəm?’’ deyə qara-qara düşünməzdim. Lakin bizim “tənbəl” insanlarımızın həmişə cibində hazır bəhanələri olur. İndi də deyəcəklər ki “Əşi, onsuzda Məşğulluqdan kim xeyir görmüşdü ki, kim iş tapa bilmişdi ki, biz də tapaq.” Yadda saxlayın! İnsan öz uğurunu özü yazır! Nə valideyn, nə qohum, nə dost, nə məşğulluq, nə də ki dövlət. Bu bəndi atalar sözü ilə tamamlayım: Nə əkərsən, onu da biçərsən...

2. Sahibkarlar dərk etdi ki, nə qədər qazanırsansa, o qədərini də düzgün şəkildə hesabatlarında göstərməlisən.

Misal: Xüsusi Karantin Rejimi dövründə Pandemiyadan zərər görən sahibkarlara dövlət tərəfindən 2 cür dəstək proqramı hazırlandı və tətbiq edildi. Lakin bu dəstəkdən hər kəs yararlana bilmədi. Ona görə ki, vaxtilə 10 manat qazanıb, həmin 10 manatı Vergidən gizlədən sahibkar, hesabatlarında “sıfır” göstərmişdir. Dəstək göstərilən zaman vergi ödəyicilərinin bu dövrə qədər verilən hesabatlarına baxdılar, gördülər ki, kim hər ay nə qədər gəlir əldə edirmiş. Bu hesabatlara əsasən də sahibkarın aylıq gəlirinə müvafiq olaraq ödənişlər edildi. Dövlətin karantin rejimi zamanı yardımlarını görən və yararlana bilməyən sahibkar da daxilən köks ötürdü ki “Kaş ki vaxtında mən də hesabatlarımı düzgün təqdim edərdim...”

3. İşəgötürənlər dərk etdi ki, nə qədər işçin varsa, hamısı ilə müqavilə bağlayıb, rəsmi şəkildə işlətməlisən.

Misal: Xüsusi Karantin Rejimi dövründə dövlət tərəfindən dəstək proqramları çərçivəsində Pandemiyadan zərər görən sahibkarlara işçilərinə ödəniləcək əmək haqlarının əvəzi ödənildi. Yəni dövlət dedi ki, hörmətli vergi ödəyicisi, bizim #evdəqal çağırışlarımız və tələblərimizdən dolayı sənin işçin işə gəlib işləmədi, sənə xeyri olmadı. Eyni zamanda Biz bu dövr ərzində işçilərin əsassız yerə işdən çıxarılmasını Sizə qadağan etdik. Odur ki, bunun bir “əvəzi” olmalıdır. Belə edə bilərik: bu ay işçiyə verəcəyin maaşa görə narahat olma, Sənin əvəzindən onu Biz ödəyərik. Amma bir şərtlə! Sən də o maaşı mütləq işçiyə ödəməlisən!. Sahibkar da sevindi, rahatları, dərindən nəfəs alıb rahat evində oturdu. Amma bu heç də hamı üçün belə olmadı. Çünki bu zamana qədər işçini işlədib, əmək müqaviləsi bağlamayan, yaxud əmək müqaviləsi bağlayıb, rəsmi 250 manat maaş göstərən, amma həqiqətdə 400-500 manat əmək haqqı verən sahibkarlar vardı. Dövlət atlı, sahibkar piyada, ha qovalayırdı, tuta bilmirdi. Tutulanlar da vardı, o ayrı məsələ... Bax bu qeyd etdiyim “qoçaq” sahibkarlar indi hay-haray edir ki, necə edim bu axar çaydan mən də su götürüm... Bu bəndi də atalar sözü ilə tamamlayım: Haqq haqqı kəssə, Allah hər ikisini kəsər.

Hələ karantin rejimi bitməyib... Davamı olacaq...


Qeyd: Yazdıqlarım mənim gördüklərim, müşahidə etdiklərim və düşündüklərimdir. Mütləq deyildir. İstisnalar hər zaman vardır... Mənimlə razılaşmayanlara bildirirəm ki, fikrinizə hörmətlə yanaşıram. Düşüncələr və fikirlər müxtəlifdir. Düşündüklərinizi şərh edərək bizimlə də bölüşə bilərsiniz...



#rahimovasevinj #hüquqşünas #юрист #lawyer #azerbaijan #covid19 #covid19azerbaijan #koronavirus

Просмотров: 87

© 2020 Sevinj Rahimova. Bütün müəllif hüquqları qorunur.